Elə bir dövrdəyik ki, həm zir-zibildən, həm də virusdan qorunmaq vacibdir. Sürücülərimiz üçün maraqlı olar deyə düşünürəm ki, bunları bilmək pis olmaz. Maşını park edib sonra yenidən sükan arxasına keçəndə bir məqama diqqət etmək lazımdır. Maşını açıq havada saxlayanda təbii ki, onun qapı dirəklərinin üst hissəsinə, yəni qapınin üstü ilə kuzovun qapı çərçivəsi arasında toz-torpaq, ya da ağaclardan tökülən toz qatı yığılır. Adətən sürücülər qapını açan kimi maşına əyləşdikləri üçün həmin o zir-zibil, toz-torpaq ya üstlərinə, ya da başlarına tökülür. Odur ki, maşının qapısını açan kimi sükan arxasına keçməyin. Qapını açandan sonra 3 saniyə dayanın, baxın. Bu zaman özünüz də həmin zir-zibili görəcəksiniz. Bunu sərnişinlərinizə də desəniz, pis olmaz.
Bu məsələ xüsusən küləkli havalarda daha aktualdır. Elə yağış yağanda da üst-başımıza su tökülə bilər.
Eyni halı qarlı havada daha aydın görmək olur. Qapını açan kimi pəncərənin üstünə yığılan qar üstümüzə-başımıza tökülür. Eyni hal gözünüzə görünməyən toz-torpaqda da yaşanır.