Toyota Venza modeli bizim bazarda satılmasa da, vaxti ilə Bakı küçələrindən şütüyüblər. Doğrudur, avtomobil ilk zamanlarda yerli alıcılarda maraq oyatsa da, bizim bazarda daha populyar olan Land Cruiser Prado ilə rəqabət apara bilmədi.
Səbəb isə məlum idi - Venza krossover və miniven janrlarının arasında ilişib qalmış bir avtomobil idi. 2008-ci ildən 2017-ci ilə qədər buraxılan model bizim bazarda səssiz peyda olduğu kimi, səssiz də qeybə çəkildi. Budur, artıq Toyota Venza yenidən Amerika bazarına qayıdır - amma, yeni formatda. ABŞ-da təqdim olunan Venza modelinin ikinci nəsli, əslində bir ay əvvəl Yaponiyada debüt etmiş dördüncü nəsil Toyota Harrier krossoverinin Amerika bazarı üçün uyğunlaşdırılmış versiyasıdır.