Bu günlərdə Rusiyanın Auto.ru saytında satış haqqında maraqlı bir elan dərc edilib. Elanda avtomatik ötürmələr qutusu ilə təchiz edilmiş Lada 2103 sedanın satıldığı deyilir. 1981-ci ilin istehsalı olan və odometrində 10 min kilometr yürüş göstəricisi olan avtomobil üçün 1,2 milyon rubl (27,7 min manat) istənilir.
Fins.az xəbər verir ki, satışa çıxarılmış sedan əsaslı şəkildə bərpa edilib və ilkin görünüşünə sahib olub. Lada 2103 sedanı 64 at qüvvəli 1,5-litrlik dördsilindrli benzin mühərriki və General Motors konserninin istehsalı olan üç pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilib. Belə modifikasiyanın buraxılması ilə Voljsk avtomobil zavodunun Hollandiyadakı distribütoru məşğul olub.1977-1983-cü illər arasında cəmi 250 ədəd belə avtomobil istehsal edilib.
Mavi rəngli dəri salona malik olan Lada 2103 modeli Novosibirskdədir. Satıcı onu istənilən şəhərə göndərməyə hazırdır.