AVTO

14 May

Azərbaycana avtomobil idxalı 47% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 17 196 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 47% çoxdur.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 16 020 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 51% artıb.

Bundan başqa, bu ilin ilk dörd ayında ölkəyə 1048 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 7,6% çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 69 ədəd (artım 30,2% çox) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 59 ədəd (5 ədəd çox) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkəyə 1654 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 19 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ümumi olaraq, yanvar-aprel aylarında avtomobil idxalının dəyəri 201 420,53 min ABŞ dolları təşkil edib.