AVTO

08 May

Audi iri miqyaslı yenilənməni həyata keçirib

Audi şirkətinin ABŞ ofisi təklif etdiyi model xəttinin iri miqyaslı yenilənməsini elan edib. 2021-ci ilin modellərinin avadanlıq siyahısına yenidən baxılmış və yardımçı sistemlərin sayı artırılmışdır. Eyni zamanda, bazara A5 modelinin yeni modifikasiyası çıxarılıb. Məsələn, indi ABŞ-da A5 Sportback 40 TFSI quattro modelini satın almaq olar.

2,0-litrlik turbomühərrik ilə təchiz edilən Audi A4 və A5 modelləri 13 at qüvvəsi daha güclü olublar və 12 voltluq yumşaq hibrid sistemi əldə ediblər. Artıq Audi A4 40 TFSI modeli 204 at qüvvəsinə, A4 45 TFSI modeli isə 265 at qüvvəsinə malikdir. Bundan başqa, A4 40 TFSI modeli standart olaraq quattro tam ötürməsi ilə, yenilənmiş A5 Sportback 40 TFSI quattro modeli isə, Apple CarPlay interfeysi, zolağa nəzarət sistemi, həmçinin ABŞ və Kanadada ödənişli avtomobil yolları üçün nəzərdə tutulmuş transponderə sahib olub.

Audi A6/A7 modellərinin top versiyalarını yeni 19/20/21 düymlük təkər diskləri ilə sifariş etmək olar. Bu modellərin standart təchizatına adaptiv kruiz-kontrol daxil edilib. Opsional avadanlıq siyahısına elektronika ilə idarə edilən amortizatorları və polad yayları olan asqı sistemi daxil edilib. Bu ildən etibarən Audi A8 flaqmanı 22 istiqamətdə tənzimlənən ön oturacaqlar, A8 60 TFSI versiyası isə idman kuzov dəsti, matrisa tipli ön fənərlər, Valcona dərisindən interyer ilə təchiz edilir.

Premium paketinə sahib olan Audi Q3 45 TFSI krossoveri indi standart olaraq S line eksteryer dəsti ilə təklif edilir. Premium paketinin tərkibinə isə, güclü yan dəstəyi olan ön oturacaqlar, artan xarakteristikalı gücləndiricisi olan sükan idarəetməsi sistemi, ötürmələr qutusunun sükanaltı dəstəkləri və hərəkət zolağına nəzarət sistemi daxildir.