Amerikanın "Ford Motor" avtomobilqayırma şirkəti 2020-ci ilin birinci rübündə 2 milyard dollar zərərə uğrayıb.
Fins.az xəbər verir ki, "TASS"-ın verdiyi məlumata görə, birinci rübdə şirkət 34,3 milyard dollar qazanc əldə edib, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 15 faiz daha azdır. Zərər 2 milyard dollar təşkil edib.
Bildirilir ki, 2019-cu ilin birinci rübündə şirkət 1,1 milyard dollar gəlir əldə edib. Hesabat dövründə "Ford" topdan satış həcmini 2019-cu ilin birinci rübü ilə müqayisədə 21% azaldıb.
Şirkətin hesabatında deyilir: "Koronavirus pandemiyası nəticəsində "Ford"un birinci rübdəki fəaliyyət göstəriciləri əhəmiyyətli dərəcədə azalıb".
Şirkət, həmçinin "böhran dövründə insanları müdafiə və cəmiyyətə yadım etdiyini" bildirib. Vurğulanır ki, "Ford" pandemiya ilə əlaqədar yüzlərlə təcili yardım maşını, bir neçə milyon qoruyucu maska, 50 min süni tənəffüs cihazı və 100 min respirator istehsal edəcək.
Qeyd edək ki, martın 18-i ABŞ-ın "General Motors", "Ford" və "Fiat Chrysler" avtomobilqayırma şirkətləri koronavirusun yayılması səbəbilə ABŞ-dakı bütün zavodlarının bağlanması barədə razılığa gəliblər. Zavodların bağlanması bu müəssisələrin təxminən 150 min əməkdaşına təsir edib.