2020-ci ilin yanvar ayında Toyota şirkəti satdığı hibrid avtomobillərin sayının 15 milyonu keçdiyi barədə bəyanatla çıxış edib. Yapon markası hibrid avtomobillərinin istehsalına 1997-ci ildə Prius modelinin buraxılması ilə başlayıb.
Toyota şirkətinin Avropada satmış olduğu hibirdlərin sayı isə, 2,8 milyon nüsxəyə çatıb. Bu günə Toyota və Lexus markaları dünyanın 90-dan çox ölkəsində 44 hibrid modeli təklif edir. Onların arasında RAV4, Yaris, Corolla və digər hibrid modellər vardır. Eyni zamanda, Toyota şirkətinin mətbuat xidmətinin bildirdiyinə görə, tətbiq edilən hibrid texnologiya dünya üzrə CO2 tullantılarını 120 milyon tondan çox azaldıb. 2019-cu ilin yayında Toyota şirkətinin Avropada təklif etdiyi bütün model xəttini elektrikləşdirmək planları olduğu barədə məlumat ortaya çıxıb. Məlumdur ki, Toyota şirkətinin Avropada ümumi satışlarının yarısını hibridlər təşkil edir. Elektrik güc qurğularına tam keçid isə, Toyota sürətli elektrik yükləmə stansiyaları şəbəkəsini qurduqdan sonra mümkün olacaqdır.
Bundan başqa, keçən il Toyota nümayəndələri damda günəş panelləri olan elektrokarı sınaqdan keçirməyə başladıqlarını elan ediblər. Günəş panelinin opsiya olduğu Prius modelindən fərqli olaraq, yeni model köməkçi qurğuları enerji ilə təmin etməklə yanaşı, yürüş məsafəsini 56 kilometrə qədər artırmağa imkan verəcəkdir.