Bu günlərdə Nürburqrinq trekində sınaqdan keçirilən avtomobillər arasında yenilənmiş Mercedes-AMG E63 4Matic+ sedanının minimal kamuflyaja malik olan prototipi də vardır. Yenilənmiş modelin seriya variantı ilin sonuna kimi debüt etməlidir. Yenilənmiş bərkgedən sedan onu E-Class ailəsindən olan digər modellər ilə bağlayacaq yeni kosmetik və texnoloji yeniliklərə sahib olacaqdır. Seriya həyatına başlayacaq yenilənmiş Mercedes-AMG E63 modeli yeni Audi RS6 Avant və yenilənəcək BMW M5 modelləri ilə rəqabət aparmalı olacaqdır.
Yenilənmiş Mercedes-AMG E63 modelinin zahiri görkəmində baş vermiş dəyişikliklər standart Mercedes-Benz E-Class modelindəki ilə eyni olacaqdır. İki model arasındakı fərqlər AMG modellərinə xas olan radiator barmaqlığından, daha iri havalandırma girişləri olan ön bamper, həmçinin arxa baqaj qapağından, yeni fənərlərdən və aqressiv formaları ilə seçilən arxa bamperdən ibarət olacaqdır.
Bərkgedən modelin salonundakı dəyişiklilər isə, daha həssas sensorları olan yeni sükan çarxından, idman oturacaqlarından, AMG modellərinə xas olan dekor elementlərindən və xüsusi qrafikaya malik olan MBUX multimedia sistemindən ibarət olacaqdır.