AVTO

21 Aprel

Volkswagen bu modelini rəsmi olaraq təqdim edib - FOTO

SAIC Volkswagen birgə müəssisəsi MQB modul platformasında inşa edilən ən böyük VW modelini - Viloran minivenini təqdim edib. Yeddi nəfərlik miniven zəngin avadanlığı və ikinci cərgədəki "kapitan" kresloları ilə seçilir. Məlumdur ki, çinli iş adamları dəbdəbəli minivenlərə böyük üstünlük verirlər və alman istehsalçısı belə bir seqmentdə iştirak etməyə bilməzdi. Texniki baxımdan Volkswagen Viloran modeli alman markasının ən iri krossveri olan Atlas/Teramont modelinə yaxındır, lakin ölçü baxımından, miniven Volkswagen modellərinin ən böyüyüdür: onun uzunluğu 5346 millimetr, eni - 1976 millimetr, hündürlüyü - 1781 millimetr, təkər bazasının uzunluğu isə 3180 millimetrdir. Viloran uzunbazalı Multivan T6.1 modelindən 42 millimetr daha uzundur!

Qohum" modellərdən fərqli olaraq, miniven yalnız ön ötürmə, 7-pilləli DSG "robotu", 2.0-litrlik dördsilindrli turbomühərrik ilə təchiz edilir. Mühərrik isə, iki güc variantında təklif edilir: 186 at qüvvəsi (320 Nm) və 220 at qüvvəsi (350 Nm). Ön panelin arxitekturası Atlas modelini xatırladır. Klimat-kontrolun sensorlu bloku, dekorasiya və havalandırma sisteminin deflektorları Atlas X kupesindəki kimidir. Əlavə ödənişlə, miniveni 10,25-düymlük rəqəmsal cihazlar paneli ilə də sifariş etmək olar. Multimedia sistemi isə, standart olaraq 9,2-düymlük sensorlu displey ilə təchiz edilir.