AVTO

17 Aprel

Qara qutuların sirləri

Xüsusilə təyyarə qəzalarından sonra ən çox müzakirə olunan şeylərdən biri də qara qutular olur.

Qəzanın səbəbini aydınlaşdırmaq üçün onlara hər zaman ehtiyac var. Qara qutular, əslində rəngi diqqəti tez cəlb etməsi üçün parlaq narıncı olan, 5 kq ağırlığında, ayaqqabı qutusu böyüklüyündə cihazlardır. Qara Qutular iki hissədən ibarət olur. Onlardan biri Flight Data Recorder (FDR) - yəni, uçuş məlumatlarını qeyd edən cihazdır. Onun vasitəsi ilə təyyarənin son 25 saatdakı bütün hərəkətləri - hündürlüyü, sürəti, olduğu yer və s. kimi 88 müxtəlif məlumat qeydə alınır.

Digəri isə Cockpit Voice Recorder (CVR) - yəni, kokpitdəki səsləri qeyd edən cihazdır. Bu cihazın işi isə pilotların öz aralarında, qüllə ilə, digər ekipaj üzvləri ilə danışıqlarını, sərnişinlərə etdikləri anonsları yazmaqdır. Qara qutular qəza zamanı az zərbə alması üçün təyyarənin quyruq hissəsinə yerləşdirilir.