Azərbaycanda xüsusi karantin rejimi dövründə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi (İB) də var.
Gəncə Avtomobil Zavodu İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev Fins.az-a açıqlamasında bildirib ki, hazırda zavod tam kollektivlə olmasa da, ehtiyac olduğu qədər işçilərin fəaliyyəti nəticəsində işini davam etdirir. Bu gün karantin rejiminin qaydalarına uyğun olaraq zavodun yığım xətlərində işin davam etdiyini deyən X.Fətiyev qeyd edib ki, müəssisə Azərbaycanda kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olan yeganə zavoddur.
Ölkədə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin və iş adamlarının texnikalara olan tələbatını ödəmək məqsədilə kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir. Konveyerdə xətlər üzrə məsafə 2 metrədək artırılıb. Yığım sexlərinin girişində dezinfeksiyaedici məhlullarla dolu qablar, qoruyucu maskalar, bir dəfə istifadə üçün əlcəklər qoyulub. Bundan başqa aidiyyəti qurumların köməyi ilə sexlər mütəmadi dezinfeksiya edilir. Hazırda zavodda müxtəlif modeldə traktorların və bir sıra kənd təsərrüfatı texnikalarının, o cümlədən müxtəlif modeldə və təyinatda traktorların yığımının aparıldığını vurğulayan Müşahidə Şurası sədri məlumat verib ki, bu gün zavodda orta hesabla 2-4 traktor yığımı həyata keçirilir. Ümumilikdə bu, adi iş rejimində olduğundan 50 faiz aşağıdır. Mart ayında orta hesabla 35 traktor yığılıb. Hazırda zavodda lazımi sayda yığılmış müxtəlif modeldə traktor və kənd təsərrüfatı texnikaları var. Əgər tələbat olarsa, müraciət edən hər kəsin istəyinə uyğun olaraq zavod onu texnika ilə təmin edə bilər.
Gələcək planlardan da bəhs edən X.Fətiyev yaxın vaxtlarda Gəncə Avtomobil Zavodu İB ilə Finlandiyanın məşhur "Sampo" firması arasındakı əməkdaşlıq müqaviləsi əsasında “Sampo-Roselew” markalı kombaynların yığımına başlanılacağını deyib. “Hazırda bu müqaviləyə uyğun olaraq komplektləşdiricilər gətirilir. Hissələr tam şəkildə müəssisədə olduqdan sonra kombaynların yığımına start verəcəyik. Gəncə Avtomobil Zavodunun kombayn yığımında artıq təcrübəsi var. Ümidvaram ki, tanınmış marka olan “Sampo-Roselew” kombaynları iş adamlarının və fermerlərin ürəyincə olacaq”, – deyə X.Fətiyev qeyd edib.
Həmçinin X.Fətiyev əlavə edib ki, ölkədə koronavirus epidemiyası ilə əlaqədar bir çox sahələrdə fəaliyyətin məhdudlaşdırılmasına baxmayaraq, kənd təsərrüfatında işlər davam etdiyindən Gəncə Avtomobil Zavodu fermerlər və iş adamları üçün bir sıra güzəştlər nəzərdə tutan paketlər üzərində iş aparır.