Bu gün Hyundai şirkətinin premium subbrendi olan Genesis markası G80 sedanının ikinci nəslini təqdim edib.
Sedan premium markanın son firma dizayn üslubunda eksteryer tərtibatına sahib olub. İlkin olaraq, yeni firma üslubu Genesis GV80 krossoverində debüt edib və öz tətbiqini ikinci nəsil G80 sedanında tapıb.
Ən maraqlısı odur ki, istehsalçı sedanı üçüncü nəsil kimi qələmə verir. Çox güman ki, koreyalılar nəslin banisini 2008-ci ilin Hyundai Genesis sedanını sayırlar. Yeni G80 modelinin əsas əlaməti ikiqat zolaqları olan ön və arxa işıq texnikasıdır. İki zolaq mövzusu ön qanadlardakı havalandırma girişlərindəki dönmə işıqlarında da təkrarlanır. Belə işıq texnikası sayəsində avtomobil hərəkət axınında asanlıqla tanınacaqdır. Genesis G80 sedanı, arxaya doğru çəkilmiş salonu və arxa dayalardakı əlavə pəncərələr olan klassik siluetini qoruyaraq saxlayıb. Ancaq, arxa tərəfdən baxsaq, sedan daha çox iti formalı liftbekə bənzəyir - yəni maili dam xətti və arxa şüşə qısa baqaj qapağına doğu uzanır. Yeni sedanın qabarit uzunluğu 4995 mm (+ 5mm), eni - 1925 mm (+ 35 mm), hündürlüyü - 1465 mm (- 15 mm), təkər bazası isə, əvvəlki kimi 3010 mm təşkil edir. Sedan üçün 18 ilə 20 düym arasında ölçülərə malik olan təkər diskləri nəzərdə tutulub. Sedan, Genesis GV80 modelində debüt etmiş klassik quruluşlu yeni platformaya əsaslanır.
Platformanın əsas xüsusiyyəti aşağı salınmış ağırlıq mərkəzidir. Yeni kuzov əvvəlkindən 6% daha sərtdir və görmə sahəsini yaxşılaşdırmaq üçün daha nazik dayaqlara malikdir. Kuzov, 42% ultra yüksək davamlı poladdan və 19% alüminiumdan ibarətdir. İlk mərhələdə Genesis G80 üç mühərrik ilə təklif ediləcəkdir. Baza mühərriki, 304 at qüvvəsi və 422 Nm fırlanma anı hasil edən 2,5-litrlik dördsilindrli T-GDI turbomühərriki olacaqdır. Bu aqreqat əvvəlki 3,3-litrlik V6 (282 a.q. və 347 Nm) atmosfer mühərrikini əvəzləyib. İstehsalçı, kuzov quruluşunun optimallaşdırılması və iki silindrdən imtina edilməsinin sedanı əvvəlkindən 125 kq daha yüngül hala gətirdiyini iddia edir. Baza versiyasının çəkisi 1785 kq təşkil edir. Bundan başqa, Genesis G80 modeli 380 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 T-GDI turbomühərriki ilə də təklif ediləcəkdir.
Genesis G80 modeli üçün nəzərdə tutulmuş üçüncü güc aqreqatı yeni dördsilindrli 2,2-litrlik turbodizeldir. 210 at qüvvəsi və 441 Nm fırlanma anı hasil edən aqreqat alüminium silindr blokuna malikdir və buna görə sələfindən 20 kq yüngüldir. Sedanın təklif edildiyi bütün güc aqreqatları 8-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Sedan iki növ ötürmə ilə təchiz edilə bilər: arxa ötürmə və ön oxu qoşma muftası olan tam ötürmə sistemi ilə. Genesis G80 modeli standart olaraq adi yaylar və amortizatorlar ilə təklif ediləcəkdir. Əlavə ödənişlə, sedanı adaptiv amortizatorları olan asqı sistemi təchiz etmək mümkündür: amortizatorlar, avtomobilin önündəki yol səthini gözdən keçirən ön kameranın məlumatlarına əsaslanaraq öz sərtliklərini dəyişirlər.
Yeni Genesis G80 modelinin daxili tərtibatı GV80 krossoverinə bənzəsə də, iki interyer arasında kifayət qədər fərqlər məvcuddur. Burada üfüqi xətlərin bolluğu var, lakin mərkəzi tunelin alt bölməsi sedan üçün nəzərdə tutulmayıb. Sedanın top versiyalarının təchizatına pnevmatik kameraları olan çoxkonturlu ön oturacaqlar daxil edilib. İstehsalçı, sedanın kupe şəklində siluetə malik olmasına baxmayaraq, arxa cərgədəki məkanın əvvəlkinə nisbətən daha geniş olduğunu bildirir. Şirkət nümayəndələri sərnişinlərin başı üzərində əlavə 4 mm, dizlərinin qarşısında isə əlavə 2 mm olduğunu qeyd ediblər. Sürücünün qarşısında üçölçülü rejimi olan 12,3-düymlük virtual cihazlar paneli, mediasistemin 14,5-düymlük genişformatlı displeyi və proyeksiya ekranı vardır. Sürücünün sağ əlinin altında əl ilə yazılmış məlumatların daxil edilməsi üçün sensorlu panel yerləşir. Sedanın salonunda ön oturacaqların arasında açılaraq sürücü və ön sərnişin toqquşmasının qarşısını alan mərkəzi təhlükəsizlik yastığı da daxil olmaqla, ona qədər hava yastığı var. G80 modelinin təchizatına üç zonalı iqlim nəzarəti, panoram tavan və səs-küyün aktiv boğulması funksiyası olan Lexicon səs sistemi də daxildir. Opsiyalar arasında magistralda hərəkət edərkən zolaqları avtomatik şəkildə dəyişdirmək imkanı olan adaptiv Highway Driving Assist II kruiz-kontrolu da mövcuddur. Elektron sistem məlumatları yalnız öz kameralarından və sensorlarından deyil, həm də naviqasiya sistemindən alır.
Bundan başqa, opsiyalara arasında məsafədən parketmə sistemi və sürücünün yorğunluq səviyyəsini müəyyən edən daxili kamera da vardır. Cənubi Koreyada yeni Genesis G80 modelinə sifarişlər artıq qəbul edilir. 2,5-litrlik turbomühərrik ilə təchiz edilmiş sedan üçün 43 min dollar tələb edilir. Yeni modelin satışlarına gələn ay başlanmalıdır. Yeni nəsil Genesis G80 modelinin digər ölkələrdəki satışına il ərizndə başlanacaqdır. Eyni zamanda, ixrac bazarından asılı olaraq, sedan 2,0-litrlik turbomühərriki olan modifikasiyada da təklif edilə bilər.