Azərbaycanda hibrit avtomobillərin istehsalı üçün zaman lazımdır. Burada kifayət qədər böyük investisiya, texnologiya tələb olunur.
Fins.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, bu məsələ də gündəmdədir: "İqtisadiyyat Nazirliyi həm yerli, həm xarici iş adamları bu məsələləri müzakirə edir. Buna zaman lazımdır. Bu, ciddi hazırlıq işləri tələb edir. İstehlakçılarda buna ciddi təlabat olmalıdır. Ölkədə istifadə olunan hibrit avtomobillərinin əksəri ikinci əl bazarıdır və ona görə qiymətləri aşağıdır". N.Səfərov qeyd edib ki, Nazirlər Kabinetinin ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə verdiyi qərar hökümət tərəfindən bu sahəyə ciddi dəstəkdir. Nazir müavini əlavə edib ki, Azərbaycanda avtomobil sənayesi yenidən qurulur: "Sovet dönəmində müəyyən işlər görülüb, amma bu işlər avtomobil sənayesi ilə bağlı işlər olmayıb. Azərbaycanda qonşu ölkələrlə birgə qurulan avtomobil layihələrinə sahibkarlar tərəfindən böyük maraq var. Digər layihələr də var ki, sahibkarlar tərəfindən müzakirə səviyyəsindədir. Bu sahəyə maraq var və hökümət tərəfindən belə qərarın qəbul olunması maliyyə dəstəyi kimi qiymətləndiriməlidir. Bu qərar buraxılan avtomobillərin maya dəyərinin azaldılmasına, eyni zamanda sahibkarların bu sahəyə yatırılan investisiyalarının artırılmasına təsir göstərən amildir. Bu, nəinki istehsala, istehlaka da təsir göstərən qərarlardır".