AVTO

18 Fevral

Avtomobil almaq istəyənlərə bəd xəbər

Dövlət Statistika Komitəsi tərəfindən 2019-cu ildə ölkəyə idxal edilən avtomobillərin sayı ilə bağlı rəsmi rəqəmlər elan edilib.

Belə ki, ötən il ərzində Azərbaycana 47 710 avtomobil idxal olunub. Bu, 2018-ci illə müqayisədə 65 faiz çoxdur. Eyni zamanda ölkəyə idxal edilən avtomobillərin 43156-sı minik avtomobilidir. Bu baxımdan minik avtomobillərinin sayında da ötən il 2018-ci illə müqayisədə artım qeydə alınıb.

Bu ilin yanvar, eləcə də fevralın geridə qalan günləri ilə bağlı hələlik rəsmi statistika elan edilməyib, lakin apardığımız monitorinqlər göstərir ki, Asiya və xüsusən də Çindən avtomobil idxalında azalma müşahidə olunacaq.

Bu barədə Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

“Fitch Ratings” agentliyi tərəfindən aparılan monitorinqlər nəticəsində əldə edilmiş məlumata əsasən, bütün dünya üzrə koronavirusla bağlı olaraq Çindən avtomobilin idxalının həcmində azalma müşahidə edildiyini, o cümlədən, Azərbaycanın da Çindən avtomobil idxal etdiyini nəzərə alsaq, ÇXR-dan ölkəmizə də gətirilən avtomobillərin sayında azalmanın olacağı gözlənilir”, - deyə ekspert bildirib.

V. Bayramov qeyd edib ki, Çindən gətirilən avtomobillər hələlik Azərbaycana idxal edilən avtomobillərin strukturunda böyük paya malik deyil:

“Azərbaycana əsasən Avropa və ya yapon avtomobillərinin idxal olunduğunu və bu maşınların Azərbaycana başlıca olaraq Gürcüstandan gətirildiyini nəzərə alsaq, güman olunur ki, avtomobillərin idxalında ciddi azalma müşahidə olunmayacaq.

Nəzərə alsaq ki, Çindən gətirilən avtomobillərin qiyməti nisbətən ucuz idi, bu da məhz həmin maşınların ölkəyə idxalının azalacağı deməkdir. Çindən idxal olunan maşınların avtomobillərin seqmentində payı çox olmadığı üçün, bu, ümumi idxalın azalmasına gətirib çıxarsa da, kəskin azalmalar müşahidə olunmayacaq. Lakin koronavirusun miqyası genişlənərsə, digər Asiya ölkələrində də bu problem yaşanarsa, bütövlükdə Azərbaycana idxal edilən avtomobillərin sayında növbəti mərhələdə hiss edilən azalmalar ola bilər”.