Kürdəmirdə səfərdə olan və «ASAN Xidmət» mərkəzinin açılışında iştirak edən prezident İlham Əliyevə sürücülük imtahanındakı yeniliklərlə tanış olub.
Fins.az-ın məlumatına görə, prezidentə xəbər verilib ki, «Ağıllı sürücülük imtahanı sistemi» sürücülük vəsiqəsi almaq üçün müraciət etmiş şəxslərin sürücülük qabiliyyətlərinin qiymətləndirilməsinə dair praktiki test imtahanının avtomatlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verir.
Sürücülük vəsiqəsinin alınması üzrə nəzəri test imtahanında uğur qazanmış şəxslər bu sistemdə qeydiyyatdan keçməklə praktiki test imtahanına yazılır, xüsusi qurğu və avadanlıqlarla təchiz edilmiş avtomobildə əvvəlcədən müəyyən olunmuş marşrut üzrə hərəkət edir.
Avtomobil və yol infrastrukturu xüsusi sensor və peyk-müşahidə cihazları ilə təchiz edildiyi üçün imtahan verən şəxs tərəfindən törədilən bütün qayda pozuntuları avtomatik olaraq qeydə alınır və mərkəzi imtahan sisteminə ötürülür. Avtomatlaşdırılmış imtahan sistemi şəxsin praktiki imtahandan uğurla keçib-keçmədiyinə dair real vaxt rejimində arayış hazırlayır.