Azərbaycan bazarında satılan Volkswagen Polo sedanlarının alman istehsalçısının Rusiyanın Kaluqa şəhərində yerləşən zavodunda istehsal edildiyi heç kim üçün sirr deyildir. Artıq 10 ildir ki konveyer həyatı yaşayan model bu yaxınlarda yenilənməlidir. Bunun təsdiqi olaraq, demək olar ki, Volkswagen şirkəti Rusiya (oxu - Azərbaycan) bazarı üçün nəzərdə tutulmuş yeni Polo modelinin eskizlərini dərc edərək, bəzi təfərrüatları açıqlayıb.
Ən maraqlısı odur ki, yeni Polo sedan deyil, beşqapılı liftbek olacaqdır. Xatırladaq ki, bu yaxınlarda eyni kuzova malik olan ciddi şəkildə yenilənmiş Skoda Rapid modeli Rusiyada debüt edib. Çox güman ki, yeni Polo liftbeki Volkswagen libası «geyinmiş» Rapid modeli olacaqdır.
Dərc edilmiş sskizlərdən göründüyü kimi şəkildəki avtomobilin gövdə və qapıları Rapid modelinə bənzəyir. Bundan başqa, yeni Polo modelinin elan edilmiş uzunluğu (4483 mm) və eni (1706 mm) hələ satışda olan yenilənmədən əvvəlki Rapid ilə tamamilə üst-üstə düşür. Yəni, yeni liftbek hazırkı Polo sedanından 93 mm daha uzun və 7 mm geniş olacaqdır. Arxa cərgədəki artan məkan isə, təkər bazasının artırılmasından xəbər verir: Skoda Rapid - 2602, VW Polo sedanı isə 2553 millimetrlik bazaya malikdir. Yeni modelin baqaj həcmi 550 litr (+60 litr) olacaqdır. Xatırladaq ki, Rapid modelində bu göstərici 530 litr təşkil edir.
Yeni Polo modelinin bütün işıq texnikası işıqdiodlarından hazırlanacaqdır. Modelin «baza variantı» - reflektor fənərlər, bahalı versiyalar isə projektor tipli olacaqdır. Arxa fənərlər də tamamilə közərmə lampalardan məhrum olublar. Bundan başqa, yeni Polo liftbeki yeni loqotipə malik olacaqdır.
Avtomobilin eskizdəki interyeri də yenilənmiş Rapid modelinə çox bənzəyir: dizayn fərqli olsa da, ön panelin və mərkəzi konsolun quruluşu eynidır. Yeni model 6,5 və ya 8,25 düymlük sensorlu displeyləri olan multimedia sistemi ilə təklif ediləcəkdir. Polo liftbekinin opsiyalar siyahısına virtual cihazlar paneli, qızdırılan sükan və arxa oturacaqlar, mühərriki işə salma düyməsi və açarsız giriş sistemi əlavə edilib. Təchizat səviyyələrinin adları da dəyişdirilib: Origin, Respect, Status və Exclusive.
Yeni modelin mühərrik çeşidi dəyişməyib. Polo əvvəlki kimi 90 və ya 110 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki və ya 125 at qüvvəli 1,4-litrlik turbomühərrik ilə təklif ediləcəkdir. Atmosfer mühərrikləri mexaniki qutu və ya 6-pilləli Aisin «avtomatı», turbomühərrik isə 7-pilləli DSG «robotu» ilə təchiz ediləcəkdir.
Yeni Polo modeli barədə ətraflı məlumat fevral ayının sonuna qədər açıqlanacaqdır.