Financial Times nəşri alyans daxilindəki anonim mənbəyinə istinadən Nissan rəhbərliyinin alyansdan çıxmaq üçün gizli plan hazırladığını bildirib. Nəşrin mənbəyi iki şirkət arasındakı münasibətlərin Karlos Qonun qaçışından sonra pisləşdiyini söyləyib. Xatırladaq ki, Qonun həbsi Nissan şirkətinin top-menecerlərinin təkidi ilə həyata keçirilmişdi.
Fins.az autograph.az-a istinadən bildirir ki, iki şirkət arasında gərginlik əvvəllər də olub: Renault qrupunun səhmlərinin 15 faizi Fransa hökumətinə aiddir, fransız istehsalçısı isə yapon şirkətinə 43 faizlik səhmlər paketi vasitəsi ilə nəzarət edir. Nissan şirkətinə gəldikdə isə, o, Renault şirkətinin səs hüququna malik olmayan 15 faizlik səhmlərinə sahibdir. Lakin, məhz yapon şirkəti mühəndis işləmələrinin 60 faizini həyata keçirərək (məsələn, Renault emblemini daşıyan krossover və pikaplar Nissan modellərinin əsasında yaradılıb), alyansın Çin və Amerikadakı gəlirlərinin üçdə ikisini təmin edir. Məntiqlə, Yaponiyada alyans üzvləri arasında hakimiyyət bölgüsündən razı deyillər. Üstəlik, Nissan mühəndisləri fransız və yapon avtomobillərinin texniki cəhətdən unufikasiya edilməsinə qarşıdırlar.
Financial Times nəşrinin məlumatına görə, mühəndislik işlərinin bölünməsi iki şirkətin ayrılmasının ilk maddəsi olacaqdır. Eyni zamanda, istehsal meydançalarının bölünməsi də həyata keçiriləcəkdir. Tərəfdaşların bir-birinin 15 faizlik səhm paketi ilə nə etməyi planlaşdırdıqları barədə də məlumat yoxdur. Üstəlik, Renault və Nissan şirkətləri ayrılmağı rəsmi olaraq təsdiqləməyiblər.
Bəs alyansın dağılması onun üzvlərini hansı təhlükələrlə üz-üzə qoya bilər? Məlum məsələdir ki, texniki unifikasiyadan dərhal imtina etmək mümkün olmayacaqdır, çünki unifikasiya olunmuş Renault və Nissan modelləri üzərində çalışmalar başa çatmaq üzrədir - yaxın iki-üç il ərzində konveyer həyatına başlaycaq modellər onilliyin sonuna kimi buraxılacaqdırlar. Yalnız bir nəsil sonra peyda olacaq avtomobillər müstəqil mühəndisliyin məhsulu ola bilərlər.