Bakı şəhər sakini, 76 yaşlı Rəcəb Hüseynov 1970-ci ilin yanvar ayında ilk dəfə sürücülük vəsiqəsi alıb.
Fins.az xəbər verir ki, elə həmin ilin fevral ayından ilk avtomobilini alaraq idarə etməyə başlayıb. R.Hüseynov bu günə qədər 5 dəfə avtomobilini 4 dəfə isə sürcülük vəsiqəsini dəyişib. R.Hüseynov Bakı şəhəri ərazisində sürücü-piyada münasibətləri barədə keçirilən sosial sorğuda iştirak edən zaman iddia edib ki, 50 ildir avtomobil idarə etməsinə baxmayaraq bu günə qədər heç bir yol nəqliyyat hadisəsi törətməyib və qaydalara əməl etdiyi üçün yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov "Report"a bildirib ki, sürücü barədə İdarədə araşdırma aparılıb və onun iddiaları təsdiqini tapıb:
"76 yaşlı sürücü Rəcəb Məmmədağa oğlu Hüseynovun iddiaları barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məlumat verildikdən sonra bu barədə İdarədə müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, Rəcəb Hüseynovun isitafədəsində 1970-ci ilin fevral ayından bu günə qədər mütamadi olaraq 5 müxtəli markalı nəqliyyat vasitəsi olub. O, təkcə Bakıda yox, Azərbaycan ərazisində, eyni zamanda keçmiş Sovet İttifaqına daxil olan 10-a yaxın respublikalarda avtomobil idarə etsə də heç bir yol nəqliyyat hadisəsi törətməyib və yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib".
Məlumat üçün bildirək ki, BŞDYPİ-nin rəhbərliyi 76 yaşlı Rəcəb Hüseynovu yarım əsrin ən nümunəvi sürücüsü elan edib və ona İdarənin rəisi Rəşad Priyevin adından diplom və qiymətli hədiyyələr təqdim olunub.