AVTO

03 Fevral

Avtomobil təkərlərinə hava, yoxsa azot qazı vurmaq məsləhətdir?

Son vaxtlar avtomobil təkərlərinə azot qazı vurulan məntəqələrin sayı artır.

Fins.az-ın məlumatına görə, belə məntəqələrdə avtomobilin təkərinin havasını yoxlamadan əksər sürücüyə hava deyil, azot vurmaq məsləhət görülür. Bildirilir ki, azot təkəri uzun ömürlü etməklə yanaşı, sükanı həssaslaşdırır. Bəzi sürücülər isə bu vədlərə inanıb təkərləri azotla doldurtdururlar.

Əksər sürücü bilir ki, avtomobilin 4 təkərinə hava vurulması 1, ya da 2 manatdır. Ancaq siz hava yerinə azot vurdurmaq istəyirsinizsə mütləq çox pul ödəməlisiz. 4 təkəri azotla doldurmaq minimum 10 manata başa gəlir.

Avtomobil ustası Sahil Ağabəyli isə deyir ki, Avropa ölkələrində təkərə azot vurmaq anlayışı yoxdur. Yəni avtomobil şinlərinin uzun ömürlü olması azotla əlaqəli deyil.

Usta tövsiyə edir ki, sürücülər bu kimi vədlərə inanmasınlar. Avtomobillərinin təkərlərinə adi hava vurdursunlar.