AVTO

23 Yanvar

Volkswagen Paris avtosalonunda iştirak etməyəcək

İri avtomobil istehsalçıları tərəfindən avtosalonlara olan maraq getdikcə zəifləməyə başlayıb. Bir müddət bundan öncə, Audi şirkəti Nyu York avtosalonundan, Lamborghini markası isə Cenevrə avtosalonunda iştirakdan imtina ediblər.
 
Fins.az xəbər verir ki, bu günlərdə Fransa mediası Volkswagen şirkətinin bu ilin oktyabrında keçiriləcək Paris avtosalonunda iştirakdan imtina etmək planları haqqında məlumatı əldə ediblər. Jurnalistlərlə görüşən Volkswagen şirkətinin idarə heyətinin üzvü Yurgen Ştakman, alman istehsalçısının bu beynəlxalq avtomobil sərgisi ilə bağlı planlarının olmadığını söyləyib.
 
Volkswagen şirkəti 2018-ci ildən bəri Paris avtosalonunda iştirak etmir (motor şou iki ildən bir keçirilir). O zaman alman istehsalçısının diqqətinin digər fəaliyyətlərdə cəmləşdirmək niyyətində olduğu bildirilmişdi. Bundan əlavə, sərgidən imtina etmək qərarı, “dizel qalmaqalından” sonra xərclərin minimuma endirilməsi ilə əlaqələndirildi.
 
Xatırladaq ki, 2018-ci ildə Volkswagen şirkəti ilə yanaşı, Ford, İnfiniti, Mazda, Mitsubishi, Nissan, Opel və Volvo Paris avtosalonunda iştirakdan imtina etmişdilər.