AQRO

27 Noyabr

Rusiya banan yetişdirməyi düşünür

Fins.az - Rusiya banan yetişdirilməsi sahəsində yeni perspektivləri dəyərləndirir, lakin bu sahədə hələ iqtisadi səmərəlilik yoxdur.

Bu barədə Kənd Təsərrüfatı naziri Oksana Lut Beynəlxalq Maliyyə Universitetində keçirilən forumda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, keçən həftə Qazaxıstana səfəri zamanı bu ölkənin istixanalarda banan yetişdirməyə başladığını müşahidə edib. “Biz də bu istiqamətdə hərəkət edə bilərik. Lakin hələ ki, bunun iqtisadi mənfəətini görmürəm, çünki Ekvador bananı daha ucuz başa gəlir. Amma zamanla hər şey dəyişə bilər,” - deyə o qeyd edib.

Nazir bildirib ki, banan yetişdirmək üçün texnologiyalar üzərində işlər aparılacaq. Bununla yanaşı, Lut Rusiyanın kənd təsərrüfatı məhsulları istehsalı sahəsində artıq böyük nailiyyətlər qazandığını vurğulayıb.

Prezidentin 2030-cu ilə qədər kənd təsərrüfatı məhsulları ixracını 1,5 dəfə artırmaq barədə qoyduğu hədəflərə çatmaq üçün emal olunmuş məhsulların ixracını genişləndirməyin vacibliyini qeyd edən nazir bildirib: “Biz artıq un, ət və süd məhsullarının ixracını artırırıq. Lakin hər bir ölkə öz məhsulunu özü emal etmək istəyir və bu normal yanaşmadır.”

Nazir əlavə edib ki, Rusiyanın əsas prioriteti buğda istehsalıdır: “Dünya hələ də buğda istehlak edir. Gələcəkdə başqa məhsullar populyarlaşa bilər, amma hazırda buğda əsas məhsuldur.”