AQRO

17 Oktyabr

Narın emalı ilə bağlı hansı yeni perspektivlər var?

Azərbaycanda 3%-lik təşviq mexanizminin yenidən bərpa edilməsi və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə fermerlər arasında illərdir davam edən borc problemlərinin hələ də həll edilməməsi, sahibkarların aqrar sektora marağının azalmasına səbəb olur.

Fins.az xəbər verir ki,  bunu “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov mətbuata verdiyi açıqlamasında deyib.

F.Qaraşov, nar sektorunun inkişafı üçün ixrac bazarlarının genişləndirilməsi və məhsulun emalı sənayesinin inkişafının vacib olduğunu vurğulayıb.

O, infrastrukturun təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və subsidiya mexanizmlərinin inkişafının bu sahədəki əsas şərtlər olduğunu bildirib.

“Aqrar sahədə yeni və qabaqcıl texnologiyaların tətbiqi vacibdir. Dünya təcrübəsi göstərir ki, narın şirəsi, qabıqları və tumu tibdə, farmakologiyada, kosmetologiyada, sənayedə və digər sahələrdə istifadə oluna bilər,” – deyə F. Qaraşov əlavə edib.

“Azərbaycan Narı” brendinin beynəlxalq sərgilərdə təqdim olunduğunu və narın xarici bazarlarda tanındığını qeyd edən Qaraşov, xarici bazarlarda brendin tanıdılması üçün marketinq tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, yerli fermerlərin məhsullarının təqdim olunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Fuad Mədətov
Fins.az