BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) iki Azərbaycan universiteti ilə Anlaşma Memorandumu imzalamağa hazırlaşır.
Fins.az xəbər verir ki, bunu FAO-nun ölkə üzrə rəhbərinin müavini Bariz Mehdiyev, "Su və gender bərabərliyi" mövzusunda Bakıda keçirilən konfransda bildirib.
"FAO olaraq Gəncə Aqrar Universiteti ilə əməkdaşlıq edirik və oktyabrın 24-də həmin universitetlə Anlaşma Memorandumu imzalanacaq. Bundan əlavə, yaxın vaxtlarda ADA Universiteti ilə də analoji memorandum imzalanması planlaşdırılır," - deyə B. Mehdiyev qeyd edib.
O, kənd təsərrüfatı sahəsində təhsilin önəmini vurğulayaraq, bu sahədə qadın kadrların azlığını qeyd edib: "Bu, mentalitet, ənənələr, fermerlərin yanaşması və qadınların peşə seçimi ilə bağlıdır. Kənd təsərrüfatı işlərinin və aqrar sahədə məsləhət xidmətlərinin inkişafı hələ də geridə qalıb. Biz bu istiqamətdə müxtəlif layihələr həyata keçiririk. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə aqrar sahədə məsləhət xidmətlərinin təkmilləşdirilməsi üçün bir strategiya hazırlanaraq nazirliyə təqdim olunub."
B. Mehdiyev xatırladıb ki, FAO 1945-ci ildə, yəni 79 il əvvəl yaradılıb. Bu, təşkilatın qida və ərzaq təhlükəsizliyinə verdiyi əhəmiyyətin göstəricisidir: "FAO-nun yaranma səbəbləri arasında İkinci Dünya müharibəsindən sonra dünyada geniş yayılmış aclığa qarşı mübarizə dayanırdı. Lakin zaman keçdikcə təşkilatın prioritetləri genişlənib və ərzaq təhlükəsizliyinin təmin olunması, dayanıqlı kənd təsərrüfatının inkişafı, su problemlərinin həlli, təbii sərvətlərin davamlı istifadəsi kimi məqsədlər gündəmə gəlib. Son illərdə bu siyahıya iqlim dəyişikliyi ilə mübarizə də əlavə olunub."
Hazırda BMT-nin iqlim dəyişikliyi ilə bağlı çərçivə konvensiyasının bir təşəbbüsü olan COP tədbirləri çərçivəsində müzakirələr aparılır. Bu il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək və FAO həmin tədbirdə fəal iştirak edəcək. Dövlət qurumları ilə birlikdə Harmoniya İqlim Təşəbbüsü çərçivəsində işlər görülür və bu təşəbbüsün əsas məqsədi kənd təsərrüfatının iqlimə dayanıqlılığını artırmaqdır ki, buna su resurslarının idarə edilməsi də daxildir.
Fuad Mədətov
Fins.az