İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji stansiya, həmçinin hidrometeoroloji vəziyyətin öyrənilməsi məqsədilə 5 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılıb və istifadəyə verilib.
Fins.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupunun iclasında bildirib.
O, qeyd edib ki, Zəngilan rayonu ərazisində 55 hektar, Ağdam rayonu ərazisində 11 hektar və Cəbrayıl rayonu ərazisində 20 hektar yeni yaşıllıq sahəsi salınıb.
"Hazırda Cəbrayıl rayonu ərazisində 30 hektar və Füzuli rayonu ərazisində 16,7 hektar yeni yaşıllıq sahəsinin salınması üçün torpaq hazırlığı işləri aparılır və bu ilin sonunadək həmin ərazilərdə yaşıllıqların salınması planlaşdırılır.
Meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi dinamik şəkildə davam edir. Bu çərçivədə Cəbrayıl rayonu ərazisində 26 hektar, Zəngilan rayonu ərazisində 42 hektar və Füzuli rayonu ərazisində 2 hektar meşə fondu sahəsində əkin və səpin işləri həyata keçirilib.
Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə meşəbərpa layihələri çərçivəsində Zəngilan rayonunda 85 hektar, Qubadlı rayonunda 35 hektar və Cəbrayıl rayonunda 45 hektar meşə fondu sahəsində torpaq hazırlığı işləri tamamlanıb. Bu ilin sonunadək həmin ərazilərdə əkin və səpin işlərinin aparılması nəzərdə tutulur.
Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonları ərazilərində məsafədən zondlama üsulu ilə meşə fondu sahələrində nümunə sahələri müəyyənləşdirilib. Seçmə üsulu ilə bu sahələrə baxış keçirilib və meşələrin taksasiya elementləri (ağac növləri, sayı, yaş qrupu) öyrənilib, plan-kartoqrafik materiallar hazırlanıb.
Hazırda Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması üzrə işlər davam etdirilir," - deyə Vüqar Kərimov bildirib.
Fuad Mədətov
Fins.az