AQRO

20 Sentyabr

Heyvandarlıqda iqlim dəyişikliklərinin təsiri: Beynəlxalq alimlər bir araya gəlib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunda (BETİ) “Qlobal İqlim Dəyişkənliyinin heyvandarlığın inkişafına və xəstəliklərin yayılmasına təsiri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. BETİ-nin təşkilatçılığı ilə baş tutan konfransda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, xarici ölkələrdən və respublikamızdan alimlər, mütəxəssislər və heyvandarlıq təsərrüfatlarının baytar həkimləri iştirak edib.

Konfransın əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının baytarlıq sahəsinə olan mənfi təsirlərinin azaldılması, iqlim dəyişmələri ilə mübarizə aparılması, onun təsirlərinin yumşaldılması üçün tədbirlərin həyata keçirilməsi və zəruri addımların atılması istiqamətində müzakirələrin aparılması olub. Bundan başqa, BETİ ilə müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələr arasında əməkdaşlıq əlaqələrinin qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə həyata keçirilə biləcək elmi tədqiqat layihələrin müzakirəsi də konfransın keçirilməsində prioritet məsələlərdən olub.

Konfransda açılış nitqi ilə çıxış edən institutun direktoru Sialə Rüstəmova iqlim dəyişmələri, onun müasir dünyamızdakı müxtəlif ölkələrin inkişaf xəttinə, qlobal iqtisadiyyatın təkamülünə, habelə iqlim dəyişikliklərinin insan və heyvan sağlamlığına mənfi təsiri barədə məlumat verib.

Konfransda çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev bildirib ki, qlobal iqlim dəyişikliyi heyvandarlıq sahəsinə də öz təsirini göstərməyə başlayıb. Bu təsirlərin azaldılması və uyğunlaşdırılması hazırda qarşımızda duran əsas vəzifələrdən biridir.

Konfransda Rusiya İnsan Resursları Akademiyasının Aqrar-Sənaye Kompleksi üzrə Kənd Təsərrüfatı Biotexnologiyaları kafedrasının müdiri, Baytarlıq kafedrasının professoru Kontsevaya Svetlana Yuriyevna “Heyvandarlıqda antibiotiklərin istifadəsini azaltmaq üçün proqramda bərpaedici dərman məhsullarının tətbiqi”, N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Akademiyasının radiologiya, terapiya və klinik diaqnostika kafedrasının professoru Əlizadə Həsənov "Ferorsel" preparatının hind toyuqlarının məhsuldarlığının keyfiyyətinə təsiri”, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini İ.M.Hacıyev “Quşların Y sinif anticisimlərinin heyvanların infeksion xəstəliklərinə qarşı mübarizə sisteminə yeridilməsinin ekoloji və ekonomiki aspektləri” movzularında çıxış ediblər. Daha sonra Rusiya alimlərindən A.M.Yermakov, T.V.Kurmakayeva və V.S.Bıçkovun təqdimatlarla çıxış ediblər.

Konfrans öz işini panel iclaslarda davam etdirib.

Fuad Mədətov
Fins.az