Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Fins.az xəbər verir ki, Belarus Respublikasının ixracatçı şirkəti "Агрокомбинат Дзержинский" MMC-nin istehsalı olan dondurulmuş quş əti məhsulu partiyasında aşkarlanmış uyğunsuzluqla bağlı Agentlik tərəfindən qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Belə ki, Agentliyin müvafiq bildirişi əsasında, Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizooloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib.
Belarus Respublikası tərəfindən baytarlıq norma və tələblərinə, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi, o cümlədən iki qurum arasında sıx əməkdaşlıq əlaqələri nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə müvafiq bildiriş göndərilib.
Zemfira Ms
Fins.az