Sentyabrın 9-dan Bakıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasına 39 rayondan 275 arıçı tərəfindən 120 tona yaxın məhsul çıxarılıb.
Fins.az xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
V.Hüseynov qeyd edib ki, bu məhsulların 105 tonu bal, 12 tona yaxını şan, 3 tonu isə digər arıçılıq məhsullarından ibarətdir.
Yarmarka Sentyabrın 29-na qədər, hər gün saat 09:00-dan 19:00-a qədər Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyası yaxınlığında) fəaliyyət göstərəcək.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsulların yarmarkaya çıxarılmasına icazə verilməyib.
Yarmarkaya qeydiyyat onlayn olaraq bal.kendden.az saytı vasitəsilə həyata keçirilib. Arıçılara fəaliyyət göstərdikləri rayonlardakı arıçıların sayına uyğun olaraq proporsional qaydada yer ayrılıb.
Yarmarkada iştirak etmək üçün hər bir arıçıya iyulun 26-dək arıçılıq təsərrüfatını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçirmək və minimum 40 arı ailəsinə malik olmaq tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və 30 ədəd arı şanı çıxara bilib.
Fuad Mədətov
Fins.az