Ötən iki ilin göstəriciləri ilə müqayisədə, 2023-cü ildə Azərbaycanın qar örtüyündə və buzlaq sahələrində azalmalar müşahidə olunur.
Fins.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev "Su İdarəetmə Sistemlərinin İqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
F.Tağıyevin sözlərinə görə, ölkə ərazisində son yeddi il ərzində buzlaq sahələri orta hesabla 18 faiz azalıb. Ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində isə 4,2 faiz azalma qeydə alınıb:
"Müşahidələr göstərir ki, Kür çayının axını ilə bağlı da ciddi dəyişikliklər baş verib. Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir və nəticədə çay suları dənizə deyil, əksinə dəniz suyu Kür çayına axır. Bu vəziyyətin gələcəkdə su resurslarının azalmasına səbəb olacağı gözlənilir".
Fuad Mədətov
Fins.az