AQRO

28 Avqust

İqlim dəyişikliyi kənd təsərrüfatına təsiri xüsusilə dərindir - ADSEA rəsmisi

İqlim dəyişikliyi həyatımızın hər sahəsinə təsir edən qlobal bir reallıqdır, lakin onun kənd təsərrüfatına təsiri xüsusilə dərindir.

Fins.az xəbər verir ki, bu fikri "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) aparat rəhbərinin müavini Ülviyyə Məmmədova bildirib.

Ü.Məmmədova, temperaturun artması, yağıntı normalarının dəyişməsi və daha tez-tez baş verən ekstremal hava hadisələrinin ərzaq təhlükəsizliyi və planetimizin gələcəyi üçün ciddi təhdidlər yaratdığını qeyd edib. Bu şəraitdə davamlı və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin təmin edilməsi vacibdir.

“Su kənd təsərrüfatının can damarıdır. O, torpağın münbitliyini, əkinlərin böyüməsini, heyvandarlığı və ekosistemlərin sağlamlığını qorumaq üçün həyati əhəmiyyət daşıyır. Effektiv su idarəetməsi ilə iqlim dəyişiklərinin mənfi təsirlərini azaltmaq və gələcək nəsillər üçün davamlı ekosistemlər yaratmaq mümkündür. Su sadəcə bir əmtəə deyil; həyatın özüdür. Hər damlası əvəzolunmazdır və onu qorumaq üçün bütün gücümüzlə çalışmalıyıq,” - deyə Ü.Məmmədova vurğulayıb.

O, əlavə edib ki, fiziki infrastruktur layihələri, yeni su anbarlarının tikintisi, suvarma kanallarının yenidən qurulması ilə yanaşı, yeni və alternativ su mənbələrinin formalaşdırılması, dəniz, təmizlənmiş tullantı, kollektor-drenaj və yağış sularından səmərəli istifadənin öyrənilməsi Agentlik tərəfindən prioritetləşdirilib. Lakin bu tədbirlər bunlarla bitmir.

“İstər təmir-tikinti layihələri, istər suya qənaət edən vərdişlərin tətbiqi, istərsə də davamlı su idarəçiliyini təşviq edən siyasətləri dəstəkləməklə, hər birimiz öz üzərimizə düşəni etməyə borcluyuq. Övladlarımıza və onların övladlarına təmiz, təhlükəsiz suyun hamı üçün əlçatan olduğu bir dünyanı miras qoymaq bizim borcumuzdur,” - deyə Ü.Məmmədova qeyd edib.

O, həmçinin, su ehtiyatları ilə bağlı maariflənmənin vacibliyini vurğulayaraq, istifadəçiləri suya qənaətin əhəmiyyəti və iqlim dəyişikliyinin təsirləri haqqında biliklərlə gücləndirməyin cəmiyyətə ilham verəcəyini bildirib. “Bu istiqamətdə dayanıqlı kənd təsərrüfatı və su idarəçiliyi təcrübələrinin tədqiqi, inkişafı və tətbiqi vacibdir,” - deyə əlavə edib.

“Nəticədə, qlobal istiləşmə və su qıtlığı problemi keçilməz deyil. Birlikdə qətiyyət, innovasiya və kollektiv fəaliyyətlə bu çətinliklərin öhdəsindən gələ və suyun hər kəs üçün sərbəst axdığı bir gələcək qura bilərik. Planetimiz və Vətənimiz üçün əlimizdən gələni əsirgəməməliyik,” - Ü.Məmmədova yekunlaşdırıb.

Fuad Mədətov
Fins.az