AQRO

18 İyul

Azərbaycanda yumurta istehsalı artıb, qiymət azalıb - AÇIQLAMA

Azərbaycanda yumurta istehsalı artıb. Rəsmi məlumata əsasən, bu ilin yanvar-iyun aylarında 1189,1 milyon ədəd yumurta istehsal olunub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,4% artım deməkdir.

Bəs istehsalın artması qiymətlərə təsir edə bilərmi?

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, keçən ilə nisbətən yumurta istehsalında artım var.

Onun sözlərinə görə, bu artım 7-10% civarındadır: “Hazırda yumurtanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən 5-6 qəpik ucuz satılır. Yay ayları olduğundan yumurta bolluğudur. Buna görə də yaxın gələcəkdə qiymətin qalxması gözlənilmir. Hazırda yumurtanın maya dəyəri 14 qəpikdir”.

M.Həsənli kənd yumurtası ilə bağlı statistik göstəricilərdən də danışıb: “Kənd yumurtası ilə bağlı statistikamız təxminidir. Hazırda havalar isti keçdiyinə görə kənd yumurtasında, yəqin ki, bir az azalma müşahidə oluna bilər. Ümumilikdə, bu il 2 milyardın üzərində yumurta istehsalımız gözlənilir”.

M.Həsənli Azərbaycandan ixrac olunan yumurtanın həcmini də açıqlayıb. O, Azərbaycanın yumurta ixracının təxminən 100 milyon ədədə yaxın olduğunu deyib.