AQRO

10 İyul

“Qazax aqropark”-da əkinə başlanılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan “Qazax aqropark” rayonun sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. “İnvestel GROUP” MMC tərəfindən rayonun İkinci Şıxlı kəndində yaradılan aqroparkın ümumi əkinə yararlı 800 hektar sahəsində kartof, buğda və arpa əkilib. Bununla yanaşı, parkın Abşeron rayonunda yerləşən təsərrüfatında isə 7,5 hektar intensiv badam bağı salınıb. 

Fins.az xəbər verir ki, 2023-cü ildə aqroparkda 12 min ton kartof, 250 ton arpa və 750 ton buğda istehsal olunub. Builki mövsümdə isə sahələrdən 645 ton buğda toplanıb. Cari ildə aqroparkın 340 hektar ərazisində əmtəəlik kartof əkilib. Bugünlərdə parkın kartof sahəsində məhsul yığımına başlanılıb. Əkin sahəsində kartofun orta məhsuldarlığı 40-41 ton təşkil edir. 

Qeyd edək ki, “Qazax aqropark”da gündəlik 250 ton kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti, tutumu 7800 kubmetr, Abşeronda isə tutumu 14 min 889 kubmetr olan 2 soyuducu anbar kompleksi fəaliyyət göstərir.