AQRO

24 İyun

Biləsuvarda gündə 1200-1300 hektar taxıl sahəsində biçin aparılır - məhsuldarlıq yüksəkdir

Respublikanın iri kənd təsərrüfatı rayonlarından olan Biləsuvarda iqtisadiyyatın aparıcı sahələrindən biri də taxılçılıqdır. Builki məhsul üçün rayonda 34 min 300 hektar sahədə payızlıq taxıl məhsulu yetişdirilib. Bunun 24 min 271 hektarı arpa, 10 min hektardan çoxu isə buğda sahələridir. Rayonlaşmış yeni məhsuldar arpa və buğda sortlarının müasir innovativ üsullarla becərilməsi bu mövsüm məhsuldarlığa da mühüm təsir göstərib.

AZƏRTAC xəbər verir ki, rayonda taxıl biçininə “Yaşıl Ada” aqroparkından başlanılıb. Şoran torpaqlar silsiləsinə aid olan bu ərazilərdə aparılan ciddi meliorativ və aqrotexniki tədbirlər sayəsində 3 min hektara yaxın taxıl zəmisində bol məhsul yetişib. Aqropark ərazisində mütərəqqi irriqasiya qurğularının və müasir suvarma sistemlərinin tətbiqi illərlə əkilməyən torpaqlarda bol məhsul yetişməsinə zəmin yaradıb. İndi əsas vəzifə taxılın itkisiz yığılmasıdır.

İstehsalçı Şəfa Şahverdiyev bildirib ki, hazırda arpa sahəsində biçin aparılır. Məhsuldarlıq 55-60 sentner səviyyəsindədir. Təsərrüfatda 8 kombayn işləyir.

Hazırda rayonun taxıl əkini aparılan bütün ərazilərində biçin kampaniyası mütəşəkkil həyata keçirilir. “Aqroservis” ASC tərəfindən dislokasiya proqramına uyğun olaraq, biçin prosesinə, ümumilikdə, 80-dən çox kombayn cəlb edilib. Ötən illə müqayisədə builki məhsuldarlıq da nisbətən yüksəkdir, hazırda orta məhsuldarlıq 30 sentner təşkil edir. Gün ərzində 1200-1300 hektar sahədə biçin aparılır. Bu günədək taxıl zəmilərinin 15 min hektara yaxın hissəsində biçin başa çatıb. Sahələrdən 42 min tondan çox məhsul toplanılıb.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev də məhsuldarlığın gözləniləndən yüksək olduğunu bildirib: “Məhsuldarlığın yüksək olmasında təbii ki, aqrotexniki tədbirlərin böyük rolu var. Aparılmış maarifləndirmə işləri, göstərilmiş təcrübələr hamısı fermerlərin fəaliyyətinə böyük dəstək olmuşdur və məhsuldarlığın artmasına xeyli kömək göstərmişdir. Hazırda biçin intensiv davam edir. Biçinin 50-60 faizini yekunlaşdırmışıq”.

Qeyd edək ki, biçinin vaxtında və itkisiz başa çatdırılması üçün Dövlət Aqrar İnkişaf Mərkəzində operativ qərargah yaradılıb. Artıq paralel olaraq, buğda sahələrində də biçin həyata keçirilir. Biçin aparılan sahələrdə təhlükəsizlik tədbirləri ciddi nəzarətə götürülüb, FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları da həmin ərazilərə cəlb olunub.