AQRO

20 İyun

Tədarük məntəqələrinə 230 tondan artıq yaş barama təhvil verilib

Azərbaycanda yaş barama tədarükü davam edir. İyunun 20-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 230,9 ton yaş barama təhvil verilib.

 

Bu barədə Fins.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 40,481 tondan artıq yaş barama təhvil veriblər. Zaqatala, Ağcabədi və Balakən kümçüləri də yüksək məhsuldarlıq əldə ediblər. Bugünədək Zaqatalada 25,226 ton, Ağcabədidə 21,585 ton, Balakəndə 18,091 ton yaş barama tədarük olunub.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 9000 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.

Fuad Mədətov
Fins.az