AQRO

11 Aprel

Bu rayonda çiyid səpininə başlanılıb

Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə başlayıblar.

Fins.az xəbər verir ki, 2023-cü ildə Ağcabədi rayonunda 11 min 492,7 hektar sahədə pambıq əkilib, 36 min 246,9 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 31,54 sentner olub. Ağcabədi pambıqçıları 2024-ci təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Bu il rayon ərazisində 13 min hektardan artıq sahədə çiyid səpilməsi nəzərdə tutulub. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.

Artıq təsərrüfatlarda çiyid səpininə start verilib. Səpinə ilkin olaraq rayonun Hacıbədəlli, Mehrablı, Qaradolaq və Yeni Qaradolaq kəndlərində başlanılıb. Artıq 200 hektardan çox sahədə səpin aparılıb. Çiyid səpininin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır.