2024-cü ildə Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın ötən ilə nisbətən təxminən 50 faiz çox olması gözlənilir. Bu barədə Azərbaycan Arıçılar Assosiasiyasının sədr müavini Rəşad Rəşidov məlumat verib. Onun sözlərinə görə, 2023-cü ildə arıçılıq məhsullarının istehsalı əvvəlki ilə nisbətən 50 faiz azalsa da, bu il məhsuldarlığın yenidən 2022-ci il səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Məlum olduğu kimi, arıçılq kənd təsərrüfatının ən gəlirli sahərindən biridir. Özü də Azərbaycanda istehsal olunan bal keyfiyyəti ilə seçildiyi üçün bazar problemi ilə üzləşmir. Bu səbəbdən də son illər ölkəmizdə arıçılığın inkişaf etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə əsasən, kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri işlər görülür.
Bundan əlavə, “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə Prezidentinin 2018-ci il 5 mart tarixli sərəncamı da sözügedən sahəyə marağı xeyli artırıb. Belə ki, sənədə əsasən, ölkədə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib ki, bu da arıçılığın inkişafını stimullaşdırmaqla yanaşı, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını bir qədər də genişləndirib. Təkcə onu qeyd etmək kifayətdir ki, 2000-2005-ci illərdə ildə Azərbaycanda 600 ton bal istehsal edlmişdisə, sonrakı illərdə bu sahədə kəskin artım baş verib. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə ölkədə 2,6 min ton, 2017-ci ildə 3 min ton bal istehsal olunub. 2021-ci ildə 2017-ci illə müqayisədə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Bütövlükdə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı illərdə ölkədə arı ailələrinin sayı 4,4 dəfə, bal istehsalı 4,8 dəfə artıb. Bununla yanaşı, ötən müddətdə arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 11,1-dən 18,8-dək yüksəlib. 2022-ci ildə isə ölkədə mövcud olan 32 min 933 təsərrüfatda cəmləşən 656,1 min arı ailəsi hesabına 7 min 446 tona yaxın bal istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 9,5 faiz çoxdur. Bu, həm də müstəqillik illərində arıçılıq sahəsi üçün rekord göstərici sayılır.
Bununla belə, 2023-cü ilin əvvəllərində Azərbaycanda arı ailələrinin sayı 2022-ci ilə (620 min) nisbətən artaraq 650 minə çatsa da, bal istehsalında kəskin azalma qeydə alınıb. Belə ki, ötən il ölkədə cəmi 3500 ton məhsul istehsal olunub ki, bu da son illərdə qeydə alınmış ən aşağı göstəricidir. Mütəxəssislər bunun əsas səbəbini havaların arıçılıq üçün son dərəcə əlverişsiz keçməsi ilə əlaqələndirirlər. Onların fikrincə, ötən il yaz aylarından yayın əvvəlinə qədər hava şəraitinin soyuq və yağıntılı keçməsi səbəbindən arıların nektar toplaması gecikib.
Ötən ilin arıçılıq üçün münasib dövr olmaması ölkədə arı ailələrinin sayına da təsirsiz ötüşməyib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il yanvar ayının 1-nə Azərbaycanda 597 min 336 arı ailəsi mövcud olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 54,8 min və ya 8,4 faiz azdır. Mövcud arı ailələrinin 3314-ü kənd təsərrüfatı ilə məşğul olan müəssisələrin, 499-u fərdi sahibkarlıq təsərrüfatlarının, 593 min 523-ü isə ailə və ev təsərrüfatlarının payına düşüb. Yeri gəlmişkən, haqzırda ən çox arı ailəsi Kəlbəcər (41 min 234), Zaqatala (34 min 414), Balakən (30 min 884) və Qax (30 min 823) rayonlarında yerləşir.
Arı ailələrinin sayının bir qədər azalmasına baxmayaraq, 2024-cü ildə ölkədə arıçılıq məhsullarının istehsalında artım gözlənilir. Arıçılar Assosiasiyasının sədr müavini R. Rəşidovun dediyinə görə, bu il iqlim şəraitinin ötən ilə nisbətən əlverişli olması arıların daha yaxşı inkişaf etməsinə, bu isə öz növbəsində, məhsuldarlığın artması üçün münbit şəraitin yaranmasına səbəb olub. Bununla belə, arıcılıq sahəsində əldə edilmiş göstəricilər mövcud potensialı tam əks etdirmir. Ekspertlərin fikrincə, Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizi məhz Azərbaycanın payına düşür. Eyni zamanda, ölkəmizdə 640-dan çox dağ-çəmən və yaylaq bitkisi mövcuddur ki, bu da keyfiyyətli arıçılıq məhsullarının yetişdirilməsinə imkan yaradır. Elə ekspertlər də Azərbaycan balının keyfiyyətinə görə dünya bazarında bir çox bal növləri ilə rəqabət apara biləcəyi qənaətindədirlər.
Ölkədə arıçılığın daha da inkişaf etdirilməsi üçün arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığının yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması hədəf seçilib. Bununla yanaşı, son illər ölkədə ənənəvi xarakter almış arıçılıq məhsullarının sərgi-satış yarmarkalarının təşkili təsərrüfat sahiblərinin maddi imkanlarının yaxşılaşmasına şərait yaradır.
Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də arıçılığın inkişaf etdirilməsi üçün əlverişli imkan var. Buna görə də son illər arıçılar təsərrüfatlarını həmin ərazilərə köçürməyə daha çox maraq göstərirlər. Bu məsələdə dövlət dəstəyi də onlara əlavə stimul yaradır. Məhz bunun nəticəsidir ki, son illər təsərrüfat sahibləri arı ailələrini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinə köçürürlər. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-cü ilin yaylaq mövsümündə işğaldan azad olunmuş ərazilərə 125 minə yaxın arı ailəsi aparılıb. Bu da öz növbəsində keyfiyyətli bal istehsalı ilə yanaşı, məhsuldarlığın artırılmasına geniş imkanlar yaradır.