AQRO

05 Mart

Azərbaycan ilə Böyük Britaniya arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması müzakirə olunub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb.

Fins.az xəbər verir ki, qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Nazir Məcnun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji” zonası elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Görüşdə işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu, Böyük Britaniya şirkətləri ilə həmin ərazilərdə investisiya imkanlarının araşdırılması və qabaqcıl təcrübələrin tətbiqi sahəsində əməkdaşlığın mümkünlüyü qeyd olunub.

Tərəflər Azərbaycan ilə Böyük Britaniya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılması, Anlaşma Memorandumunun imzalanması və fəaliyyət planının hazırlanması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, bu sahədə ən müasir texnologiyaların transferi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında Böyük Britaniya mütəxəssislərinin dəstəyi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələlərini müzakirə ediblər. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Fuad Mədətov
Fins.az