AQRO

20 Fevral

Qazaxıstan İrana taxıl ixracını bərpa etməyə razılaşıb

Qazaxıstanın Ərzaq Korporasiyası İranın kənd təsərrüfatı məhsullarının əsas tədarükçüsü olan FREEDOM SKY TRADING FZCO İran şirkətinin nümayəndələri ilə danışıqlar aparıb.

Fins.az korporasiyanın mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, görüşün yekunlarına əsasən, Qazaxıstan arpasının, yemlik buğdanın və qarğıdalının İrana həm su, həm də quru yolu ilə tədarükü sahəsində əməkdaşlığın bərpası barədə razılıq əldə olunub.

Ərzaq Korporasiyası qeyd edib ki, İran Qazaxıstan taxılının həm buğda, həm də arpa üçün ənənəvi bazarıdır.

“Taxıl ticarəti sahəsində İranla sabit əlaqələrə malik Qazaxıstan əlverişli bazar şəraitində sabit və geniş miqyaslı taxıl ixracını həyata keçirə bilər”, - mesajda vurğulanır.

Günel Məlikzadə
Fins.az