Ötən il qanunsuz ayrılmış 8.405 ha örüş sahəsi bələdiyyələrin sahibliyinə qaytarılıb.
Fins.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2023-cü il üzrə illik məruzədə qeyd edilib.
Həmçinin, qeyd edilir ki, bələdiyyələrin inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində ümumi istifadə üçün örüş torpaqları ötən müddət ərzində əhalinin, eləcə də, onların mal-qarasının sayının artması ilə əlaqədar hazırda tələbatı ödəmir.
Digər tərəfdən, bələdiyyələrin fəaliyyətə başladığı ilk illərdə ümumi istifadə üçün örüş sahələrinin ölçüləri, sərhədləri və koordinatlarının dəqiq müəyyənləşdirilməməsi bələdiyyələrin ehtiyat fondunun örüş torpaqlarının icarəyə verilməsi zamanı ümumi istifadə üçün ayrılmış örüş sahələri ilə üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaqda çətinliklər yaradır.
Həmçinin, bəzi bələdiyyələrin ərazisində bu məqsəd üçün nəzərdə tutulan örüş sahələrinin yaşayış məntəqəsindən çox uzaqda yerləşməsi ondan istifadəni mümkünsüz edir.