AQRO

19 Aprel

Astara rayonunda heyvandarlıq məhsullarının istehsalı artıb

Yanvar-mart aylarında Astara rayonunda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Rayon Statistika İdarəsindən bildirilib ki, ilin ilk üç ayı ərzində rayonda 1007 ton diri çəkidə ət, 6917,2 ton süd, 2540 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 8,2 ton və ya 0,8 faiz, süd istehsalı 116,9 ton və ya 1,7 faiz artıb. İstehsal olunan diri çəkidə ətin 994,9 tonu, südün 6774,9 tonu, yumurtanın isə hamısı ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni yolla mayalanması uğurla davam etdirilir.

Cari ilin birinci rübündə rayonda 457 baş inək və camış süni yolla mayalandırılıb, 207 baş cinsi yaxşılaşdırılmış buzov doğulub.