AQRO

13 Mart

Ağdamda sahələri zərər görən 55 pambıqçıya 76 min manata yaxın sığorta ödənişi edilib

Ötən il aqrar sığorta ilə təminat altına alınan pambıq sahələrinin bir qismi fırtına, dolu və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərərə məruz qalıb. Martın 13-də “MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialında keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə ödənişlər təqdim edilib. Pambıq sahələri dolu riskindən zərər çəkən 55 fermerə 76 min manata yaxın sığorta ödənişi verilib. Pambıq bitkisi üzrə ümumi zərər ödənişi isə 116 min manatdan çoxdur.

Fins.az xəbər verir ki, 2022-ci ildə ölkənin 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Bunun 32 min hektarı Aqrar Sığorta Fondu tərəfindən təminat altına alınıb. Ümumilikdə sığortalanan pambıq sahələrinin dəyəri 90 milyon manata yaxın olub. İxrac potensiallı pambıq bitkisi üzrə toplam sığorta haqqı isə 1 milyon 102 min 660 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 37 dəfə artım deməkdir. Aqrar sığorta xidmətindən istifadə edənlərin 510 nəfəri fiziki, 218-i isə hüquqi şəxslərdir.

Tədbir çərçivəsində MKT Ağdam filialının inzibati binasında Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyinin iştirakı ilə yerli fermerlərlə görüş keçirilib. Fermerlərə aqrar sığorta mexanizmi, onun faydaları, heyvandarlıq və bitkiçilik məhsullarının sığortası şərtləri barədə geniş məlumat verilib, onların sualları cavablandırılıb.