2021-ci ildə dünyada taxıl yığımında kəskin azalmalar gözlənilir. Hazırda bütün ölkələrdə taxıl əkini sahələrində biçin tamamlanmaqdadır və hazırkı statistik göstəricilər də dünyada taxıl istehsalında gözlənilən ümudverici proqnozların kəskin şəkildə aşağı düşməsindən xəbər verir. Beynəlxalq Taxıl Şurasının məlumatına görə, cari ilin avqustun ortalarınadək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Halbuki ötən ilin eyni dövründə istehsal 760 milyon tona bərabər idi. Bunun əsas səbəbi isə 2021-ci ildə planetin əksər bölgələrində yaşanan kəskin hava fəlakətləri, meşə yanğınları və istiləşmə nəticəsində su resurslarının paylanılmasında ciddi problemlərin yaşanmasıdır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına istinadən xəbər verir ki, 2020-ci ilin ikinci yarısından 2021-ci ilin birinci yarısınadək olan dövr ərzində dünyada ərzaq buğdasının qiymət artımı müşahidə olunub və bunun əsas səbəblərindən biri qlobal səviyyədə taxıl təminatının azalmasıdır.
Bir məqamı da yaddan çıxarmaq olmaz ki, dünya bazarlarında son bir ildə buğdanın qiymətlərinin davamlı olaraq artdığı müddətdə indiki kimi kəskin məhsul azalmaları yox idi. Hətta ağır pandemiya ili hesab edilən 2020-ci ildə buğda istehsalı bu mövsümdəkindən yüksək olmuş, ancaq bununla belə, ötən ilin avqust ayının sonlarından etibarən buğdanın qiymətləri bahalaşıb. 2020-ci ilin avqust ayında bir ton buğdanın dünya bazar ixrac qiyməti 188-238 ABŞ dolları arasında olubsa, həmin ilin dekabrında qiymətlər 219-265 ABŞ dolları qiymət indeksinə yüksəlib. Bu, son 4 ilin ən yüksək göstəricisidir. 2017-2018-ci illərdə buğdanın tonu 200 ABŞ dollarından aşağı, yəni 174-190 ABŞ dolları civarında idi.
2021-ci ilin yanvar ayından sonrakı müddətdə də buğdanın dünya bazar qiymətlərində davamlı artımlar baş verib. Bir ton buğdanın ixrac qiyməti 2021-ci ilin yanvar ayından avqustun sonlarına qədər müxtəlif qiymət dəyişmələri əsasında hər gün artıb. Məsələn, qiymətlər yanvar ayından indiyədək müxtəlif günlərdə bir ton buğda üzrə 240-283 ABŞ dollarından avqustun sonunda 266-286 ABŞ dollarına qədər artıb.
FAO-nun proqnozlarına görə, ərzaq buğdasına olan qlobal istehlak tələbinin artması və bunun müqabilində istehsal-ixrac həcmlərinin daralması 2021-ci ilin ötən aylarında dünyanın bir çox ölkələrində buğdanın və çörək məmulatlarının qiymətlərində bahalaşmalarla müşayiət edilib. Cari, yəni 2021-22-ci il mövsümündə isə dünya üzrə buğda istehsalı daha da azaldığından qlobal səviyyədə buğda təminatında ciddi çətinliklərin meydana çıxması gözlənilir.
Yaranmış vəziyyət dünyanın ən iri taxıl istehsalçılarının ixrac həcmlərini azaldacağı, əlavə rüsumlar tətbiq edəcəyindən və nəticədə qlobal miqyasda taxıl tədarükünün daralacağından xəbər verir. Amerika qitəsinin əsas ixracatçıları olan ABŞ və Kanada buğda yığımında azalmalara görə, müxtəlif kvotlar üzrə yaxın region ölkələrinə daha az məhsul satacağını, eyni zamanda əlavə rüsumların tətbiq olunacağını xəbərdar edib. Avropanın iri ixracatçı ölkələrindən Macarıstan, Fransa, Rumıniya və digərləri də cari mövsümdə ixrac kvotalarında və ticarət prosedurlarında yeni rejimlərin tətbiqinin anonsunu verib. Kvotaların tətbiqində başlıca məqsəd qeyd olunan məhsullar üzrə daxildəki qiymətləri sabit saxlamaqdır.
MDB regionunda ən böyük tədarükçü ölkələrdən biri olan Rusiyanın müvafiq dövlət qurumları da cari ildə taxıl məhsullarının istehsalının əvvəlki illə müqayisədə təxminən 15-18 % azalacağı səbəbilə yeni ixrac siyasətində də bir sıra dəyişikliklər etməyi planlaşdırır. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2021-ci il mövsümündə təxminən 80-81 milyon ton buğda istehsalı proqnozlaşdırılır ki, bu da 2020-ci il mövsümü ilə müqayisədə 5 milyon tona yaxın azalma deməkdir. Bu səbəbdən də Rusiya yeni mövsüm ərzində buğdanın illik ixracını 40 milyon tondan 34 milyon tona endirəcəyini açıqlayıb.
Digər ölkələr də Rusiyanın hazırlaşdığı yeni qaydalara uyğun olaraq analoji ixrac rüsumları üzərində işləyir. Qazaxıstan hökuməti də buna oxşar addımlar atmağa, ixrac kvotası qoymağa hazırlaşır. Bu il Qazaxıstanda buğda istehsalı keçən illə müqayisədə 1,8 milyon ton azalaraq 12,5 milyon tona düşüb. Buna görə də, əvvəlki mövsümlə müqayisədə ixracın bu il ən azı 8-9 % azaldılacağı və 5,3 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi avqustun 15-dən etibarən 5-ci sinif yumşaq buğdanın və meslinin ixracına 6 aylıq kvota tətbiq edəcəyini bildirib. Doğrudur, hələlik bu barədə qərar qəbul olunmayıb, ancaq MDB regionunda 2-ci ən iri taxıl ixracatçısı olan Qazaxıstanın cari mövsümdə istehsal resurslarının bahalaşması, istehsal xərclərinin artması, havaların quraq keçməsi ilə əlaqədar istehsalın azalması səbəbindən qiymətləri bahalaşdıracağı, həmçinin, ixracda məhdudiyyətlərə gedəcəyi şübhəsizdir və bununla bağlı hökumətin qərar qəbul edəcəyi gözləniləndir.
Ümumilikdə ixrac kvotalarının, və ya yuxarıda qeyd edilən ticarət mexanizmlərin tətbiqində məqsəd taxıl satışlarından daha çox qazanmaq və qazanılan valyutanı kənd təsərrüfatının həmin sektoruna yönəltməklə istehsalçılara əlavə maddi motivasiyalar verməkdir. Digər tərəfdən, bu tədbir xarici bazarlardakı qiymət dalğalanmalarının daxili bazarlara təsirinin qarşısını almaq, daxili bazarda məhsulların qiymətlərini stabilləşdirmək, xarici konyunkturadan asılılığı azaltmaq məqsədlərinə də xidmət edir.
Bu gün dünya ölkələrinin böyük əksəriyyətinin buğda ilə özünütəminetmə səviyyəsi birbaşa idxaldan asılıdır. Latviya dünyada özünütəminetmə səviyyəsinə görə ilk yerdə dayanır (607,2 %). Yəni, istehlakdan əlavə 6 dəfə çox buğda tədarük olunur. Bu ölkədə ildə 2 milyon 371 min ton buğda istehsal edilir .Ölkə özü ildə 472 min ton buğda idxal edir, əvəzində isə 2,4 milyon ton buğda ixrac olunur. Litva, Bolqarıstan, Kanada, Estoniya, Argentina, Avstraliya, Rumıniyada özünütəminetmə 204-424 % səviyyəsindədir. Fransa, ABŞ, Moldova, Ukrayna, Qazaxıstan, Rusiya, Slovakiya, Macarıstan, Almaniya, Danimarka, İsveç, Finlandiya, Çexiya, Xorvatiya, Polşa, Paraqvay, Pakistan, Hindistan kimi ölkələrdə isə buğda ilə özünütəminetmə səviyyəsi 100-200 % civarındadır. Yəni bu ölkələr də öz ehtiyaclarını tam ödəməklə bərabər, ixracla məşğuldur. Dünyada təxminən 27-28 ölkə özünün buğda tələbatını yerli istehsal hesabına ödəyir. Digər ölkələr isə, yəni təxminən 160-dan artıq ölkə tələbatı idxal hesabına ödəməyə məcburdur. Qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70 %, Azərbaycanda isə 58 %-dir. Uzun illər Azərbaycanın ərazilərini işğalda saxlayaraq taxıl sahələrini əkib istismar edən Ermənistanda bu rəqəm 31 %-ə bərabərdir və bundan sonra həmin ərazilərdən əldə edilən buğda Azərbaycanın tələbatları üçün istifadə edildiyindən Ermənistanın özünü təminetmə səviyyəsi daha da azalmış olacaq. Beləliklə, dünya ölkələrinin 80 %-inin buğdaya olan tələbatının idxaldan asılılığı və əksər istehsalçı ölkələrdə istehsal və ixracın azalması qlobal miqyasda ərzaq buğdasının istehlakında ciddi çətinlikləri meydana çıxarıb.
Reallıq ondan ibarətdir ki, hazırkı vəziyyət daha mürəkkəbdir, söhbət buğdanın qiymətindən yox, buğdanın mövcudluğundan gedir. Çünki buğdanın ixracına qadağalar şəraitində buğda tədarükünü tam təmin etmək bir çox ölkələr üçün həqiqi mənada kifayət qədər problemli məsələyə çevrilə bilər. Ələlxüsus da, ərzaq buğdasının qiymətinin cari mövsümdə yenidən bahalaşacağının qaçılmaz olması da mövcud problemi aktuallaşdırır.
© Report