AQRO

13 Avqust

"Hər hektardan 7 tona kimi məhsul əldə edirik"

Şabranın üzüm bağlarında bol məhsul yetişib. Təsərrüfatçılar avqust ayının 5-dən üzüm bağlarından məhsulun toplanmasına başlayıblar.

Rayonun Gəndob, Ağbaş və Dəvəçikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Şabran ərazisində, ümumilikdə, 400 hektara yaxın üzüm bağı var.

Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 132 hektara yaxın sahədə üzümün 11 sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortları yetişdirilir.

“Üzüm bağlarında hazırda iki tezyetişən sortun məhsulunu toplayırıq. Məhsuldarlıq yüksəkdir. Ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər və aqrotexniki qulluq öz müsbət təsirini göstərib. Hər hektardan 7 tona kimi məhsul əldə edirik. Toplanan məhsul emal müəssisələrinə, eləcə də satış üçün Rusiyaya göndərilir”,- deyə aqronom Bayram Əskərov bildirib.

Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda əsasən Ağ və Qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə “Merlot”, “Kabarne”, “Tramil” və başqa texniki üzüm sortları əkilib.

Şabranın üzüm bağlarında yığım sentyabr ayının ortalarınadək davam edəcək.