2021-ci il iyun ayı ərzində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda işğaldan azad olunmuş rayonlar üzrə “Azərbaycanda iribuynuzlu heyvanlar arasında süni mayalanma, heyvanlara qulluq və bəslənmə” mövzusunda təlim keçirilib. Təlim
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində baş tutub.
Təlimin əsas məqsədi Türkiyənin süni mayalanma, heyvanlara qulluq və bəslənmə sahəsində sahib olduğu təcrübələrin azərbaycanlı mütəxəssislərə, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər və Laçından olan mütəxəssislərə öyrədilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın və ümumilikdə kənd təsərrüfatının inkişafına nail olmaq üçün yüksək peşəkarlığa sahib kadrlar hazırlamaqdır.
Proqrama uyğun olaraq mütəxəssislərə nəzəri biliklər öyrədilməklə praktiki təcrübələr və tətbiqetmələr də nümayiş etdirilib. Təilmdə iştirak edən və sertifikat əldə edən mütəxəssislərin işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcəklərini nəzərə alaraq Türkiyə Respublikası tərəfindən humanitar yardım kimi onlara ilkin fəaliyyət üçün lazım olan avadanlıq və ləvazimatlar təqdim edilib.
Türkiyədən göndərilmiş avadanlıq və lavazimatların süni mayalanma mütəxəssislərinə təqdim edilməsi məqsədilə Nazirliyin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi tərəfindən Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) görüş təşkil edilib. Görüşdə Naziliyin Heyvandarlıq Elmi-Tədqiqat İnstitu, Respublika Süni Mayalanma Mərkəzinin, Füzuli DAİM-in rəhbər şəxsləri və əməkdaşları iştirak edib. Süni mayalama mütəxəssislərinə işğaldan azad olunan ərazilərdə uğurlu fəaliyyətlə bağlı müvafiq tövsiyələr və tapşırıqlar verilib.