AQRO

29 İyul

Naxçıvan Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” görülən işlərin davamlılığını təmin edib. 

Cari ilin yanvar-iyun aylarında Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və boru xətlərinin, qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.

Bundan əlavə, Naxçıvan şəhərində və Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.

Ümumilikdə, cari ilin ilk yarımilində muxtar respublikda 13620 poqon metr məsafədə kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 408,3 hektar sahədə torpaqların meliorativ vəziyyətinin və 66,8 hektar sahədə isə torpaqların su təminatının yaxşılaşdırılması işləri aparılmışdır. Bu dövr ərzində 3100 poqon metr məsafədə sel və daşqınlara qarşı mübarizə tədbirləri həyata keçirilmiş, yeni suvarılan torpaq sahələri 343,5 hektar təşkil etmişdir.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq muxtar respublikada 2021-ci ilin məhsulu üçün ümumi əkin sahəsi 64 min 259 hektar təşkil etmişdir ki, bu da 2020-ci illə müqayisədə 854 hektar çoxdur.