AQRO

27 İyul

İnnovativ üsulla əkilən pomidor sahəsindən yüksək məhsul əldə edilib

Saatlıda pomidor əkinində yenilik öz bəhrəsini verib. Təsərrüfat sahibi əkin sahəsini innovativ üsulla becərərək lajin sortu olan pomidor yetişdirib, nəticədə isə suya qənaət etməklə fermer yüksək məhsul əldə edib.

Saatlı rayonunda pomidor yığını davam edir. Rayonun Qaralar kəndindən olan Həbib Əhmədov deyir ki, bu il əkdiyi pomidor sahəsində yenilik edərək kolları damla suvarma ilə yetişdirib. Bununla da fermer suya qənaət etməklə yanaşı, həm də yüksək məhsul əldə edib. Təsərrüfat sahibi bildirir ki, 1 hektar ərazidə 30 min şitil əkilib. Suvarma sistemi innovativ üsulla olduğu üçün adi suvarma ilə müqayisədə 20 sot torpağın içəcəyi su ilə 1 hektarlıq sahə suvarılıb. Burada suyun nizamlanması mövcud olduğu üçün şitillərin vaxtında və norma ilə suvarması mümkün olur. Əkilən pomidor şitilləri isə yüksək məhsul vermə qabiliyyətinə malik olan lajin sortudur. 2 həftədən çoxdur ki, sahədən məhsul yığılır və 30 ton məhsul tədarük edilib. Məhsulun bol olması ilə yanaşı qiymət də ucuzdur. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə təklif edilir.

Təsərrüfat işçisi Valeh Məmmədov söyləyir ki, əkindən öncə torpaq işləri görülüb. İki dəfə şum və malalanma işləri aparılıb. Daha sonra torpağa gübrələr verilərək əkinə hazır vəziyyətə gətirilib. Bundan sonra isə damlama suvarma sistemi çəkilib və aprel ayının ilk ongünlüyndə istixanada yetişdirilən şitillər sahələrə köçürülüb. 3 ay müddətində yetişən hər bitki kolu lazimi səviyyədə su içdiyi üçün məhsul da bol yetişib. Hər kol demək olar ki 40-50 kiloqram məhsul vermə qabiliyyətindədir.

Qeyd edək ki, 1 hektarlıq sahədən ümumilikdə 50 ton məhsul götürülməsi nəzərdə tutulub. Hazırda 6 dəfə kollardan məhsul yığılıb növbəti 1 ay müddətində də yığım aparılacaq.