Oğuz rayonunun təsərrüfatlarında tütün yığımı gündən-günə sürətlənir. Oğuzlu fermerlər mövsümün əvvəlindən indiyədək rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə 1500 tondan çox “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 156 ton quru tütün istehsal olunub.
Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, bu il oğuzlu fermerlər 220 hektar sahədə tütün yetişdiriblər. Sahələrin hamısına “Virciniya botaniki” növlü tütün əkilib. Tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb.
Hazırda rayonun Bucaq, Bayan və Sincan kəndlərində tütün emalı məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrdə, ümumilikdə, 90 tütünqurutma kamerası quraşdırılıb. Dərilmiş tütün yarpağı qurudulmaq üçün sahələrdən birbaşa bu emal məntəqələrinə gətirilir.
Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 269 hektar sahədən 548,5 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 333 ton artıb.