AQRO

23 İyul

Ailə-fermer təsərrüfatı hər hektardan 30 sentnerdən çox məhsul gözləyir

Kürdəmir rayonunun Şilyan kəndindən olan Qaçay Əliyevin ailə-fermer təsərrüfatı uzun illərdir ki, pambıqçılıqla məşğul olur. Cari ildə 15 hektar sahədə məhsul yetişdirən ailə artıq üçüncü kompleks becərməni başa çatdırıb. Peşəkarlıq və əməksevərlik ailə-fermer təsərrüfatına bu il də sahələrdən bol məhsul götürəcəklərinə inam yaradıb.

Fins.az xəbər verir ki, bunu Təsərrüfat başçısı Qaçay Əliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətdə deyib: “Pambıqçılıq bizim üçün ənənəvi təsərrüfat sahəsidir. Əlbəttə, kənddə, həyətimizdə mal-qara, toyuq-cücə də bəsləyirik. Lakin pambıq yetişdirib satmaq artıq bir vərdişdir. Axı, bu sahə həm də ailəmə xeyli gəlir də gətirir”.

Qaçay Əliyevin ailəsinin 7 nəfər üzvü var. Pambıq sahələrində artıq ağır əl əməyi başa çatıb. Hazırda məhsul yığımını gözləyirlər. Qaçay Əliyev bu mövsümdə hər hektardan azı 30-32 sentner “ağ qızıl” götürəcəkləri qənaətindədir. Bunu deməyə, əlbəttə, sahələrin hazırkı vəziyyəti də əsas verir. Hər kolda artıq 25-30 qoza var və bu qozaların sayı hələ artacaq.