Kənd təsərrüfatı məhsullarının, xüsusən də tərəvəzin qiymətində artım müşahidə edilir.
Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli açıqlama verib. Bildirib ki, bazarda kənd təsərrüfatı məhsullarının qiyməti tələb-təklif əsasında formalaşır:
"Bazarda qiymətlərin artmasına bir neçə amil öz təsirini göstərir. Birincisi, ötən ilin sonları və bu ilin əvvəlindən Rusiya Azərbaycandan pomidor idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu da ölkənin əsas pomidor istehsalçılarına məhsullarını rahatlıqla Rusiya bazarlarına çıxarma fürsəti yaradıb. Belə olduğu təqdirdə də yerli bazara çıxarılan məhsulun həcmi azalıb. Digər tərəfdən, toyların başlaması ilə əlaqədar tərəvəz məhsullarına tələbat da artıb. Restoranlar gündəlik olaraq istehsalçılara böyük miqdarda məhsul sifariş edirlər. Üçüncüsü isə istixanalarda yetişdirilən məhsullar artıq yığılıb. İyul ayı istixanalarda yetişdirilən məhsulların bitdiyi dövrdür. Sadaladığım bu amillər qiymətlərə birbaşa təsir göstərir və bu səbəbdən də məhsulların qiymətində artım müşahidə olunur".
© Trend