Saatlıda arıçılar may balını süzürlər. Ötən illə müqayisədə bu il məhsul daha boldur.
İndi arıçılar qutuları baxışdan keçirir, dolu şanlar yığılaraq üzəri mumlardan təmizlənir. Daha sonra xüsusi cihaza yerləşdirilərək süzülür. Boş şanlar isə yenidən qutulara yığılır.
Saatlıdan olan təcrübəli arıçı Ehtiram Məmmədov deyir ki, əlverişli hava şəraiti, nektar potensialı bal məhsulunun bol olmasına təkan verib. Yazın gəlişi, təbiətin oyanışı ilə arılar iş prosesinə başlayır. Həmçinin müxtəlif bitkilərin çiçəkləməsi may balının tərkibinə də öz təsirini göstərir. Hazırda ilk yığım başa çatmaq üzrədir. Bundan sonra biyan balı toplanılması nəzərdə tutulub. Daha sonra isə hava əlverişli keçərsə, arıçılar payız fəslinə qədər 3-cü bal toplanışını və arıların qış fəsli üçün bal ehtiyatının saxlanılması üçün hazırlıq işləri görəcək.
© Azərtac