Ağsu rayonunda cari ilin altı ayı heyvandarlar üçün uğurlu olub. Belə ki, yarım ildə bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, yarım ildə diri çəkidə 2765 ton ət istehsal edilib. Bu göstərici keçən ilin müvafiq dövründəkindən 57 ton çoxdur. Süd istehsalı da 1431 ton artaraq 16 min 375 ton olub. Habelə, yun istehsalı 4 ton artaraq 318 tona, yumurta istehsalı 265 min ədəd çoxalaraq 8 milyon 389 min ədədə çatıb. Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Qaraqoyunlu, Kəndoba, Gəgəli, Bozavand, Ərəbmehdibəy və bir sıra digər icra nümayəndəliklərində daha yüksək artıma nail olunub.
Qeyd edək ki, heyvandarlıq rayonda aqrar sektorun aparıcı sahələrindəndir. Hazırda bölgədə 38 min 801 baş iribuynuzlu mal-qara,134 min 289 baş davar bəslənilir. Heyvanların baş sayında da artım var. Belə ki, inək-camışlar 24 baş, qoyun-keçilər 583 baş çoxalıb.